Bir qrup Rezidentin hüquqları bərpa olundu! / 27.02.2015
Bir müddət əvvəl Azərbaycan Tibb Univeristetinidə baza tibb təhsilini bitirib rezidenturaya qəbul olunmuş bir qrup tələbə pozulmuş hüquqlarının bərpa olunması üçün mənə müraciət etmişdilər. 2014-cü ildə “Rezidenturaya” qəbul olunmuş tələbələr Səhiyyə Nazirliyinin yaratdığı problemlə üzləşiblər. Belə ki, göndərildikləri tibb müəssisələrində bir ay təhsil aldıqdan sonra Səhiyyə Nazirliyi “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilə bağlamağı onlardan tələb edir. Rezidentlər özündə qanunsuz müddəalar əks etdirən bu müqaviləni bağlamaqdan imtina edirlər. Belə ki, müqavilənin 5.4-cü bəndinə əsasən müqaviləni öz təşəbbüsü ilə ləğv etdikdə, attestasiyadan təkrarən keçmədikdə, həkim andını və sirrini pozduqda rezident müqavilənin ləğv ediləcəyi tarixə qədər onun hazırlığına çəkilən bütün xərcləri Səhiyyə Nazirliyinə ödəməlidir. Qeyd olunan problemi arandan qaldırmaq məqsədilə Səhiyyə Naziri daxil olmaqla bir sıra qurumlara aşağıdakı məzmunda şikayət yazdıq: Müqaviləyə bu müddəanın salınması Azərbaycan Respublikasının Qanunvericiliyinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi ilə təminat verilən təhsil hüququna tibb təhsili almaq hüququ da daxil edir. Təhsil haqqında qanunun 22.6-cı maddəsinə əsasən tibb təhsili təhsil prоqramlarına və dövlət təhsil standartlarına uyğun оlaraq, əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara müvafiq оlaraq həkim və həkim-mütəхəssis ali peşə-iхtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Eyni zamanda həmin qanunun 5.5-ci maddəsinə əsasən dövlət əmək bazarının tələblərinə uyğun оlaraq təhsil müəssisələrinə iхtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin оlunmasına şərait yaradır. “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydları”nın 1.3-cü bəndinə əsasən ali təhsil müəssisələrinin maliyyələşdirilməsinin dövlət sifarişi əsasında həyata keçirilməsi həm bakalavriat, həm də magistratura səviyyələrini əhatə edir. Ali təhsil müəssisələrində baza ali tibb təhsili bakalavr səviyyəsinə, rezidentura isə magistratura səviyyəsinə bərabər tutulur. Rezidentlər ali tibb təhsili sayılan və təhsilin magistratura səviyyəsinə bərabər tutulan rezidentura təhsili üzrə dövlət sifarişi əsasında rezidenturaya qəbul olunmuşlar. Qanunvericiliyin bu müddəalarına uyğun olaraq onlar rezidentura təhsilini dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə ilə dövlət sifarişi əsasında alırırlar. O cümlədən Təhsil haqqında qanunun 5.4-cü maddəsinə əsasən dövlət ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq bir dəfə pulsuz təhsil almaq hüququnu edir. Göstərilən qanunvericilik aktlarından görünür ki, rezidentura təhsili dövlət hesabına maliyyələşdirilir və buna görə rezident hər hansı bir xərc çəkməməlidir. Bu səbəbdən də “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni öz təşəbbüsü ilə, attestasiyadan təkrarən keçmədikdə, həkim andını və sirrini pozduqda müqavilə ləğv olunduğuna görə rezidentin hazırlığına çəkilən xərclərin tələb olunması tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.4-cü bəndinə əsasən dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılmış mülki-hüquq müqaviləsi ilə tənzimlənir. Adı çəkilən qaydalarda dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında mülki-hüquqi müqavilənin bağlanması göstərilib. Mülki-hüquqi müqavilələr isə Azərbaycan Respublikasında icrası məcburi olan Mülki Məcəlləyə uyğun olaraq bağlanmalıdır. Mülki Məcəlləyə görə müqavilələr tərəflərin razılığı ilə bağlanır, müqavilənin şərtləri qarşılıqlı razılıqla müəyyən edilir. Lakin Səhiyyə Nazirliyində müqaviləni bağlamayan rezidentlərdən izahat alınır, müqavilə bağlamaqdan imtina edənlərə rezidentura təhsilindən imtina etməsi barədə ərizə yazmaları təkid olunur. Bundan başqa rezidenturaya qəbul olunmamışdan əvvəl və sonra Səhiyyə Nazirliyi və digər qurumlar bu cür müqavilənin bağlanacağı barədə tələbələrə hər hansı xəbərdarlıq etməmişlər. Rezidentuya qəbul olunub tibb müəssisələrinə təyin olunduqdan bir ay sonra keçmiş tarixə belə bir müqavilənin bağlanması tələb olunur.
Şikayətimiz Səhiyyə Naziri tərəfindən təmin edilərək həmin qanunsuz müddəa müqavilədən çıxarılmışdır.
Vamiq Şükürov
Vəkil
Ofis ünvanı: Bakı ş., Badamdar q., M.Müşviq k., 1C, Kempinski Recidence Otel, 3-cü mərtəbə
BAŞ REDAKTOR: Qalib Əhmədov "MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir MediaPost Azerbaijan, 2010editor@mediapost-az.comeditor.mpa@gmail.com Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi Designed by Premium