saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəmiyyət

“”Ədəbiyyat” sözü “əbədiyyət” sözü ilə həmahəngdir” / 19.06.2013

Ürəyinizdə Ata Günəşi olsun! 

İnam Ata (Asif Ata) ilə bu Ruhani Təmasdan 20 il ötdü. Təmas 06 Fevral 1993 ildə (6 Köçəri ayı 14-cü il). Ocağımızın «Evlad Günü» Mərasimindən sonra yazılıb. Bu barədə ayrıca xatirə yazım da var, oxucularımıza saytımızda (www.asifata.com) və «İnama Doğru» dərgimizdə təqdim olunub. Bu Ruhani Təmasda Atanın ədəbiyyat və ruhaniliklə bağlı fikirləri ilk dəfə sistemli şəkildə təqdim olunur. 

Yazıda imperiyanın caynağından yenicə qurtulmuş, çaşqın durumda olan Azərbaycanın ədəbiyyatla bağlı çoxlu problemlərinə Ata münasibəti var.

İstəyim odur ki, oxucularımız Atanın ədəbiyyatdan, ümumən sənətdən nə istədiyini aydınlaşdırsınlar. Biz sənətdən İnsaniliyin təsdiqini, habelə gözəl sənət yaradanların yazdıqlarına uyğun yaşamalarını istəyirik. O zaman sənətin insaniliyə uyğunluğundan danışmaq olar.  

İşıqlı ATALI, Asif Ata Ocağının Yükümlüsü

 

***

 

İşıqlı Atalı: -Müqəddəs Ataya Ali Səcdə! 

İnam Ata: - Səcdən ucadır, oğlum! 

İşıqlı Atalı: - Müqəddəs Ata, bu təmasım ədəbiyyat mövzusundadır. Məqsədim Atamızın ədəbiyyatla bağlı düşüncələrini Atasevərlərə təqdim etməkdir. İlk sual belədir: Ocaq və ədəbiyyat. Doğrudanmı, ədəbiyyat zamanın, şəraitin məhsuludur? 

İnam Ata: - Ocağın məqsədi İnam, yalansız etiqad əsasında İnsanlaşma əməli yaratmaq, Azərbaycanda mahiyyətcə müqəddəslik səviyyəsində yaşayan xalq becərmək və sonra təbiidir ki, bu əməli Şərqə və dünyaya yaymaq. 

Ədəbiyyatın məqsədi həyat hadisələrini mənalandırmaq, onun Mütləq – Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətini aşkara çıxarmaqdır. Bu baxımdan Ocaq ilə Ədəbiyyat arasında qırılmaz bir birlik var.

Çoxları elə bilir ki, ədəbiyyat dünyanı yalnız əks etdirir. Bu, kökündən yanlış bir fikirdir. Ədəbiyyat hadisələri Mənaya yüksəldir, Mahiyyətə qaldırır. Bu səbəbdən də yaxşı ədəbiyyat mütləq şəraiti ötür, mühiti ötür, yaxşı ədəbiyyat, hətta realist ədəbiyyat belə zamandan üstün olur. Bizdə isə yalnız bir şeyi daim təkrar edirlər ki, ədəbiyyatı zaman yetişdirir, şərait yetişdirir, mühit yetişdirir; bunu elə daim təkrar edirlər və unudurlar ki, şərait, mühit, zaman – siyasət yetirir, ayrı-ayrı ictimai quruluşlar yetirir, müəyyən hadisələr yetirir, lakin ədəbiyyatı zaman yetirmir.

Əgər ədəbiyyatı zaman yetirirsə, onda ədəbiyyat zamanla gərək heç döyüşməsin. Ədəbiyyat daim zamanla döyüşür. 

Əgər ədəbiyyatı şərait yaradırsa, onda gərək ədəbiyyat şəraitlə döyüşməsin. O şərait əgər onun anasıdırsa, onda o, “şərait” adlanan anasıyla döyüşməsin. 

Həmçinin də mühit. Əgər ədəbiyyatı mühit yaradırsa, onda ədəbiyyat gərək öz yaradıcısı ilə döyüşməsin, onu mədh eləsin, vəsf eləsin. 

Əslində isə dünya ədəbiyyatında böyük nə varsa, ali nə varsa, ülvi nə varsa, o, zamana qarşıdır mühitə qarşıdır, şəraitə qarşıdır. Füzulilər, Nəimilər, Nəsimilər; onların heç biri zamançı olmayıb, şəraitçi olmayıb, mühitçi olmayıb. Hamısı şəraitə qarşı olub, zamançı olmayıb, hamısı mühitə qarşı olub, zamana qarşı olub, əsas odur ki, dünyaya qarşı olub. 

Elə Ocağın da əsas fəlsəfəsi odur ki, İnsan gərək şəraitə sığmasın, mühitə sığmasın, zamana sığmasın, şəraiti, mühiti, zamanı ötsün. Bu səbəbdən də ədəbiyyatla Ocağın yönündə bağlılıq var, o bağlılığı açmaq gərək. 

Ədəbiyyatı bizim estetika, bizim tənqid, bizim ədəbiyyat çox alçaldır, çox balacalandırır, ədəbiyyatın yaradıcı mənası çox qısalır. Onun inikas mənası, əksetdirmə mənası çox şişirdilir; nəinki ədəbiyyat, ümumən insan təfəkkürünün özü təkcə əks eləmir bu dünyanı, onu yaradır, özü də təzədən yaradır. Dünyada aşiqlər olub, Məcnunu isə Füzuli yaradıb. Füzulinin yaratdığı Məcnun Füzulininkidir. Dünyada balaca Hamletlər çox olub, ancaq Şekspirin yaratdığı Hamlet olmayıb dünyada. Çoxlu balaca Qobseklər olub, ancaq Balzakın yaratdığı Qobsek Balzakın yaratdığı Qobsekdir və sairə… 

Mənim zənnimcə, vaxt gəlib çatıb ki, ədəbiyyatın Mütləqliyindən əməlli-başlı, heç bir sıxılmadan danışmaq lazımdır. 

Ədəbiyyat – dünyanın, həyatın, insanın mənasına çatmaq yoludur. Ona görə də Asif Ata Ocağına gərəkli olan, çox emosional, idraki bir vasitədir.

 

“Ədəbiyyat – məzmun gözəlliyi ilə forma gözəlliyinin birliyidir”

 

İşıqlı Atalı: - Ədəbiyyatda forma-  məzmun məsələsi barədə Ata fikri necədir?

İnam Ata: - Ədəbiyyatın başqa növlərindən fərqi ondadır ki, ədəbiyyatda məzmun gözəlliyi olduğu dərəcədə forma gözəlliyi var. Ədəbiyyat – məzmun gözəlliyi ilə forma gözəlliyinin birliyidir. Forma burada elə-belə yalnız ifadə deyil, o, mənanın gözəllik səviyyəsində təzahürüdür. Ona görə də ədəbiyyat sözün gözəlliyidir, təkcə mənası deyil. Bu, məsələnin bir tərəfidir.

Başqa idrak növlərində fikir gözəl olmaya bilər, ədəbiyyatda isə gözəl olmayan fikir qeyri-ədəbidir. Ona görə də çox yazıçılar var ki, yaxşı mənalı sözlər deyirlər, fikirlər söyləyirlər, daha doğrusu, sözlər deyirlər və sözlər gözəl olmur. İstedad – müəyyən mənada gözəl fikir deməkdir, gözəl söz deməkdir, gözəl səs deməkdir, gözəl rənglərin ahəngi deməkdir. İkinci bir tərəfdən sənətdə məzmunla forma arasında zahirilik və daxililik əlaqələri olmur. Haradasa fikir deyəndə daxili məzmunun zahiri izharı nəzərdə tutulur. Ümumiyyətlə, fikir xaricilik mənasındadır.

Ədəbiyyatda isə fikir elə özü daxili məziyyətdir. Fikir elə məzmunun özünün nəfəsidir. Burada demək olar ki, forma məzmunun xarici ifadəsidir,  zahiri ifadəsidir, aşkarlanmasıdır. Çox azdır forma haqqında bunu demək; sənət forması haqqında bunu demək çox azdır.

Sənətdə forma məzmunun nəfəsidir, nəfəs də xarici olmur, onu hələ heç kəs indiyə qədər anlamayıb. Hegel bunu belə deyir ki, forma məzmunludur, məzmun formalıdır. Burada Hegel məzmunun formaya keçməsi və formanın məzmuna keçməsi kimi anlayır. Bu, məncə, azdır. Məsələ bundadır ki, forma məzmunun özünün nəfəsidir, forma məzmunun yaşayışıdır, mövcudluğudur. Üçüncü, başıbəla marksist estetikası belə bir anatomik əməliyyat aparır: əvvəlcə məzmun verilir, sonra o məzmun öz ifadəsini tapır. Nə qədər ki, məzmun öz ifadəsini tapmayıb, o, məzmun deyil. Sənətdə məzmun öz ifadəsini biçimdə tapır elə. İstedadsız yazıçılarda olur ki, məzmun əvvəl yaranır, sonra ona biçim axtarırlar. Forma ilə məzmun arasında böyük sənətdə bir münasibət, qanunauyğunluq var: məzmunun forma vasitəsilə ifadəsi və forma vasitəsilə yetkinləşməsi; Forma vasitəsilə becərilməsi. Forma məzmunu becərir.  Zənnimcə, bunu bizim oxucularımız dərk edərlər.

 

«Öyrənmək səyindən öyrətmək nüfuzuna yüksəlməli»

 

İşıqlı Atalı: - Atanın fəlsəfi-bədii tənqidi dünya ədəbi tənqidçiliyində Göy halıdır – bu vaxtacan olmayan. Bu barədə Atanın özündən eşitmək oxucularımız üçün çox maraqlı olardı.

İnam Ata: - İndiyə qədər olan tənqiddə zirvə Belinski tənqididir, eyni zamanda Brandes tənqidi də yüksək qiymətləndirilir. Başqa tənqidçilər də var, ancaq bu iki qütb – Belinski və Georq Brandes əsas sayılır. Bu tənqiddə bədiiyyat da var, ayrı-ayrı fəlsəfi fikirlər, düşüncələr də var, inkar etmək olmaz. Ancaq mənə bunlar az gəldi: oradakı bədiilik də, fəlsəfilik də az gəldi.

Onlar nə qədər istəsələr də, istəməsələr də, hər halda ədəbiyyatın özündən asılı oldular, hədsiz dərəcədə asılı oldular və fəlsəfə burada tam aşkarlanmadı, bədiiyyat da burada tam aşkara çıxmadı.

Mən isə Şərq adamı və fəlsəfəyə bağlı olduğum üçün, eyni zamanda bədii ədəbiyyata çox meyil elədiyim üçün elə ilk tənqidçiliyimdən tənqidin yönünü tamamilə dəyişdim.

Mənim əsas məqsədim – ədəbiyyatı yaxşı mənada vasitəyə çevirməkdir. Bunun ədəbiyyata qəti ziyanı yoxdur və qəti onu alçaltmır.

Ədəbiyyatı vasitəyə çevirmək, ədəbiyyat vasitəsilə dünyanın, həyatın böyük fəlsəfi problemini həll eləmək.

Ədəbiyyat buna çox gözəl imkan verir. Buna ədəbiyyat qədər imkan verən heç nə yoxdur. Yəni əgər filosoflar fikirlərini təsdiq etmək üçün həyata müraciət edirlərsə, burada sən həyatdan artq olana – ədəbiyyata müraciət edirsən: burada filosofluq üçün təzə üfüqlər açılır.

Mənim bütün yazılarım bu filosofluqdur: «Sənət və şəxsiyyət», «Sənət və kəşf», «Fəlsəfə və poeziya», «Yerdəkilərin Göy Həsrəti», «Həqiqət və Yarımhəqiqət», «İnam və Şübhə»…

Bunlar hamısı fəlsəfi məsələlərdir. Beləliklə, burada üstünlük fəlsəfənin özünə verilir. Əgər Belinskidə ədəbiyyat üstünlük təşkil edirdisə, burada fəlsəfənin özü əsas olur və bu, ədəbiyyatın xüsusiliyini inkar etmir, onu heç cür də alçaltmır, əksinə, onu daha da böyüdür.

Onda rüşeym halında olan balaca fikirlər böyüyür. O dərəcədə ki, yazıçı özü bilmədiyini burada görür. Burada ədəbiyyat öz imkanlarından artıq olur. Bu, həmçinin bədiiyyata da aiddir.

Şeir haqqında yazırlar, elə yazırlar ki, şeirdəki alov burada köz olur və özü bir janr kimi tənqid o qədər cılız, o qədər mənasız olur ki, o, deməli, antiədəbiyyat olur.

Deməli, ədəbiyyatın vasitəsilə antiədəbiyyat yaranır. Bir tərəfdən də deyirlər ki, bu, özü də bir ədəbi janrdır.

Mənim isə tənqidimin yönü lap əvvəldən dəyişdi, özümdən asılı olmadan yarandı. Bu, təbii bir temperament məsələsindən yarandı, bu, ehtirasdan yarandı, aşiqlikdən yarandı və burada bədii əsərlərlə yanaşı, bədii tənqidin özü də çox böyük estetik təsirə malik olur. Mənasız təvazökarlıqdan uzaq olmaq lazımdır. Belə tənqid olmayıb. Orada rüşeym halında olan o bədiiyyat burada artıq təmayüldür. Orada rüşeym halında olan fəlsəfəçilik burada artıq böyük bir cərəyandır, böyük bir yoldur. Xoşbəxtəm ki, tənqidim elə-belə tənqid olmadı, fəlsəfi-bədii tənqid oldu. Bunun bir səbəbi də o oldu ki, mən fəlsəfənin özündən bəhrələndim, ədəbiyyatın özündən daha çox bədiiyyatın özündən bəhrələndim və belə bir sintez yarandı.

Onu da deyim ki, Azərbaycan ədəbiyyatı nə qədər böyük olsa da, Azərbaycan tənqidi onun yanında çox balacadır. Hər kəs, mənim zənnimcə, azdan-çoxdan ədəbiyyatçı olan, yaxud özünü ədəbiyyatçı kimi qələmə verən adam başa düşür ki, Mirzə Fətəli Axundov tənqidi əsatirdir, mifdir. O adam tənqidi əsər yazmayıb, tənqid necə olmalıdır haqda məktublar yazıb. Axundovda ruspərəstlik təsdiq olundu. Ruspərəst olduğu üçün Azərbaycan mədəniyyətində uydurma bir şəxsiyyət yaratdılar.

Onun dramaturgiyası da özfəaliyyət səviyyəsindədir. Fəlsəfəsi heç yoxdur. «Kəmalüdövlə məktubları» fəlsəfi əsər deyil, o, yaxşı bir publisistikadır olsa-olsa.

Məmməd Arif heç zaman tənqidçi olmayıb, onun idrakı həm sönük, həm bəsit; Sosializm realizminin verdiyi belə getdi; Ona görə də mən bunlardan öyrənə bilməzdim.

Belinskidən öyrəndim, Brandesdən öyrəndim, onlar məni təmin etmədi, özümdən öyrəndim.

İndi Azərbaycan ədəbiyyatında Asif Atanın yaratdığı fəlsəfi-bədii tənqid var, heç kəs bunu dana bilməz. Tamamilə təzə və dünya tənqidinin fövqündə.

İşıqlı Atalı: - Müqəddəs Ata, bizdə göz xəstəliyi var: öz böyüklüyümüzü görə bilmirik, özgə böyüklüyünə üz tuturuq. Bu, ədəbiyyatda da belədir. Müasir ədəbiyyatda Belinski, Dobrolyubov ölçüsü var.

İnam Ata: - Görmürlər, heç görməsinlər. Niyə sən ehtiyac hiss edəsən ki, başqası sənə qiymət versin? Məgər “daxili aləm” adlanan o göz hər şeyi olduğu kimi göstərmir?  Heç zaman ehtiyacım olmayıb ki, məni qiymətləndirsinlər, heç ona can atmamışam, indi də can atmıram. Müəyyən savad səviyyəsində, müəyyən ənənə səviyyəsində, müəyyən idrak səviyyəsində, ağıl səviyyəsində olan adam özünün kim olduğunu çox yaxşı bilir. O, tənqidin nə olduğunu da çox yaxşı bilir. Mən bilirəm ki, bütün Ədəbiyyat İnstitutu yığılıb «Tarixə çatmaq» əsərinin bir cümləsini də yaza bilməzdi. Sabah onlar mənim adımı «Tənqid tarixi»nə salmasalar, bu, mənim üçün heç bir şeydir, ancaq ədəbiyyatımız üçün bu, ziyandır. Oxuyub güləcəklər ki, bir bunun «Tənqid tarixi»nə bax. Ona görə də mən özüm üçün bunu eləmirəm. Mən deyəndə ki, Asif Ata haqqında bir şey yazın, özüm üçün eləmirəm, Ocaq üçün eləyirəm və Azərbaycan üçün eləyirəm. Sən «Azərbaycan ədəbi tənqid tarixi»ini yazdın və oranı indiki tənqidçilərlə doldurdun – istedadsız, sözbaz, ibarəbaz, söyüşbaz. Azərbaycan tənqididir bu? Ancaq sən Asif Atanın «Tarixə çatmaq» yaxud «Yerdəkilərin Göy Həsrəti»ni verəndə deyəcəklər ki, hə, doğrudan da Azərbaycanda böyük tənqid varmış ki. Ona görə göz xəstəlikləri var, razıyam, şəxsən mənim o göz xəstəliyindən şikayətim yoxdur.

Qoy olsun, xalqın özünə bu, ziyandır, mənə bunun dəxli yoxdur, mən nə elədiyimi çox yaxşı bilirəm. Özümün kim olduğumu çox əla bilirəm. Burada pis şey yoxdur, bu, xudbinlik deyil. İnsan özünə yaxın olduğu dərəcədə heç kəsə yaxın deyil. Niyə o, özünün kim olduğunu anlamasın? Niyə o, uzaqdakını görsün, özününkünü görməsin? Ən pis göz xəstəliyi insanın özünü görməməsidir.

 

 Niyə Cavid haqda heç bir söz deyilmirdi və niyə Axundov haqda  kitablar yazılırdı?

 

İşıqlı Atalı: - Müqəddəs Ata, oxucularımız üçün  Ata qiyməti maraqlıdır.  Axundov Füzulini şair saymır…

İnam Ata: - Axundov heç zaman, yarım saat da tənqidçi olmayıb. O, tənqidlə bağlı Melkum xana məktub yazıb, tənqid necə olmalıdır… Orada heç bir şey yoxdur, heç şey. Orada nə fəlsəfi tənqid var, nə bədii tənqid var. Şişirdirlər, onun səbəbini dedim: Azərbaycan mədəniyyətini ruspərəstlərlə doldurmaq! Bizim böyüklüyümüzü ruspərəstlər böyüklüyü kimi qələmə vermək. Onu yaratdı Feyzula Qasımzadələr, onların tarix kitabı. O, Azərbaycan xalqının özgələşməsi üçündür. Gərək bizim oxucularımızın idrakı böyük olsun, heç olmasa, F.Qasımzadələrin avantürasına inanmasınlar. Niyə Cavid haqda heç bir söz deyilmirdi və niyə Axundov haqda kitablar yazılırdı? Nə üçün idi bu? Çünki Cavid Şərq adamıydı, türkçüydü başdan-binadan, bu isə rusçu. Bu, yalmanmaq idi, bu, ziyalıların üst kübar hissəsinin, kompodor ziyalısının Rusiyaya yalmanmasının ifadəsi idi. Belə bir mif yaratdılar. Mən ona yarım dəqiqə də inanmamışam. 

 

Ədəbiyyatın özü olması vaxtıdır – özgələşib ədəbiyyat

 

İşıqlı Atalı: - Müasir Azərbaycan ədəbiyyatı haqqında Ata fikrini bilmək istəyirəm.

İnam Ata: - Müasir Azərbaycan ədəbiyyatı gərək indi tövbə eləsin. Tövbə ədəbiyyatı gərəkdir məncə. Tövbə eləsin ki, yolunu azmışdı. Ayrı-ayrı əsərlər yəqin ki, var. Söhbət yöndən gedir və “sosializm” adlanan bir varlığı süni şəkildə mədh eləyirdi.

Ədəbiyyat özünün mahiyyətindən uzaqlaşmışdı. Ədəbiyyat heç zaman şəraitlə, zamanla uyğunlaşmır, zamanı ötür. Zamana bərabər ədəbiyyat olmayıb. Burada isə hər şey sosializmə bağlanmışdı, kommunizmə bağlanmışdı. O dərəcədə ki, heç kəs görmürdü sosializm də həmişəlik deyil. Konkretlik adıyla ədəbiyyatı cılızlaşdırdılar, Əbədiyyətdən uzaqlaşdırdılar.  Əbədi məsələləri mücərrəd məsələ adıyla damğaladılar. O tendensiya qalıb, beşgünlük ədəbiyyat yarandı. Kommunizmə ilişib qalan ədəbiyyat yarandı, partiyalılıq prinsipinə ilişib qalan ədəbiyyat yarandı. Ədəbiyyatın üfüqləri hədsiz dərəcədə daraldı.

İndi tövbə vaxtıdır. Təzə Füzulilərə qayıtmaq vaxtıdır, Nəsimilərə qayıtmaq vaxtıdır. Ədəbi ideyalar vaxtıdır. Ədəbiyyatın özü olması vaxtıdır: özgələşib ədəbiyyat. 

 

Konkretlik uğrunda döyüşlər nə üçün idi? Ondan ötrü ki, Ədəbiyyat əbədi məsələlərlə  məşğul olmasın

 

İşıqlı Atalı: - Müqəddəs Ata, ədəbiyyat və müasirlik məsələsi haqqında...

İnam Ata: - Yəqin ki, mən müasirlik məsələsini rədd eləmirəm, ancaq bizdə o müasirlik ədəbiyyatı öz əbədiliyindən uzaqlaşdırmaq üçündür.

Konkretlik uğrunda döyüşlər nə üçün idi? Ondan ötrü ki, ədəbiyyat əbədi məsələlərlə məşğul olmasın. Balaca bir ədəbi, əbədi bir vəziyyət, əbədi bir problem qoyulan kimi tənqid olunurdu ki, bu, mücərrədçilikdir, konkretlikdən uzaqddır. Ona görə də Füzulilər, Nəsimilər fəlsəfəsi, o ucalıq, demək olar ki, itirilmişdi. Bu nöqteyi-nəzərdən müasirlik anlayışının Azərbaycan ədəbiyyatına vurduğu ziyanın ölçüsü hələ bilinmir.

Bir tərəfdən də çox belə yaxşı sözlər arxasında ədəbiyyatımızı buxovlayırlar. Müasirlik onu buxovladı: indikindən yaz, fəhlədən yaz, özü də fəhlədən elə yaz ki, o, xoşbəxt görünsün.  Məgər «Səhər» romanı roman idi? O, təbliğat idi. Müasirlik ədəbiyyatın təbliğata çevrilməsiydi.

Böyük estetikada müasirlik məsələsi qoyulmur. Bunu bizim «estetikamız» icad eləmişdi – müasirliyi ki, hamı sosializmi tərifləsin, elə bir ideya yaransın ki, sosializm artıq bütün digər məsələlərin həllidir, təzə bir dünya yaranıb, indi ədəbiyyatla həyat arasında heç bir ziddiyyət yoxdur, münaqişə daha yoxdur və həmin o müasirlik gətirdi 1935-ci ildə Süleyman Rüstəmi «El azaddır, dil azadır» fəlsəfəsinə ki, o zaman Hüseyn Cavidlərin başını əzirdilər.

Ədəbi tənqid əgər varsa, indi utanmırlar, «Ədəb tənqid tarixi» qırıldadırlar, o ədəbi tənqid həmin o buxovlanmağa xidmət edirdi, həmin o ədəbiyyatın əbədiyyətdən uzaqlaşmasına, öz mahiyyətinə qarşı çevrilməsinə qarşı xidmət eləyirdi bütün partiyalı tənqid.

 

Ədəbiyyat siyasətə keçəndə yalanlaşır. Siyasətlə Ədəbiyyat arasında əlaqə - həqiqətlə fürsət, mənfəət arasında əlaqədir

 

İşıqlı Atalı: - Yazıçı və siyasət məsələsinə müqəddəs Atamızın münasibəti necədir?

İnam Ata: - Siyasət – mənfəət və fürsət deməkdir. Ədəbiyyat – həqiqət və mərifət deməkdir. Bunlar necə bir-biriylə uyuşa bilər? Uyuşdu və ədəbiyyat məhv oldu.

Ədəbiyyat siyasətə keçəndə yalanlaşır. Bizim yazıçılar bilə-bilə yalanlaşdılar. Siyasətlə ədəbiyyat arasında əlaqə həqiqətlə mənfəət arasında əlaqədir, fürsətlə mənfəət arasında əlaqədir. «Siyasi lirika» adı altında beşgünlük lirika yaratdılar – ötəri, keçici. Heç nə qalmadı. Bax, indi fikir ver: nə qaldı sizin şeirinizdən, o siyasi şeirinizdən, hələ bu günə? Heç nə!

Siyasət – zamanın, mühitin, şəraitin qorunmasıdır, Ədəbiyyat – zamanı, mühiti, şəraiti ideal nöqteyi-nəzərindən ötməkdir.

Mahiyyətcə ədəbiyyat və siyasət bir-birinə ziddir.

 

Ədəbiyyat – ruhani cəngavərlik deməkdir: təzə Ədəbiyyat lazımdır, tamamilə təzə

 

İşıqlı Atalı: - Ata yazıçını necə görmək istəyir? 

İnam Ata: - Qədim Şərq ənənəsinə əsaslanan, Füzulidən öyrənən, Nəsimidən öyrənən, özümlü, siyasətdən üstün, bugündən üstün. Mən ədəbiyyatda, xüsusən şeirdə 3 cəhət axtarıram: cəngavərlik, filosofluq, aşiqlik. Bu üçünün birliyini istəyirəm ki, ədəbiyyatda olsun. Mən demirəm ki, yazıçı gərək anadangəlmə filosof olsun. Deyirəm ki, əgər o, dərin yazsa, fəlsəfəyə gəlib çıxacaq. Üzdən yazanda siyasətçi olursan, dərindən yazanda fəlsəfəyə yaxınlaşırsan. Qoy bizim yazıçılar cəngavərliyi, filosofluğu və aşiqliyi birləşdirsinlər. 

Ədəbiyyat elə bu, deməkdir. Ədəbiyyat – fəlsəfi idrak deməkdir məncə, Ədəbiyyat – aşiqlik istedadı, Ədəbiyyat – ruhani cəngavərlik deməkdir. Təzə ədəbiyyat lazımdır, tamamilə təzə. 

İşıqlı Atalı: - Ədəbiyyatda “Füzulilik və Nəsimilik meyarı” deyəndə Atamız nəyi nəzərdə tutur? 

İnam Ata: - Bu meyar mənim ədəbiyyatçılara dediyim sözümdür. Nəsimiliyin insaniliyini götürsünlər, sığmazlıq siqlətini götürsünlər Nəsimidən. İnsan haqqında danışanda balaca danışmasınlar; İnsanın ilahiliyini göstərsinlər. Füzulidən də eşqin din səviyyəsini götürsünlər. Belə bir ədəbiyyat yaransa, onda Azərbaycan xalqının qəlbinin başı üzərində böyük şeiriyyət günəşi doğa bilər. Hələ ki, o günəş doğmayıb.

 

Səni dünya tanıyar, sən dünyada olmazsan. Səni dünya tanımaz, sən dünyada olarsan

 

İşıqlı Atalı: - Ədəbiyyatda xəlqilik və dünyəvilik məsələsinə Ata necə baxır?

İnam Ata: - İndikilər belə düşünürlər ki, əgər məni dünyanın hansısa bir əcnəbi ölkəsi çap edirsə, deməli, mən böyük adamam. İkincisi, əgər kimisə dünya tanıyırsa, o, böyükdür. Bu, illüziyadır. Səni dünya tanıyar, sən dünyada olmazsan. Səni dünya tanımaz, sən dünyada olarsan. Dünyəvilik coğrafi anlayış deyil, dünyəvilik məna anlayışıdır. Dünya boyda məna var sənin yaradıcılığında. Budur dünyəvilik. Sən Nizami Gəncəvi kimi Gəncədən qırağa çıxmazsan, dünyəvi ədəbiyyat yaradarsan. Və sən bizimkilər kimi orada-burada, Fransada, hardasa bir əyalətdə çap olunarsan, sənin ədəbiyyatın heç özünə də lazım olmaz, balaca bir otağına da, nəinki dünyaya.

Şəxsən mənim heç arzum yoxdur ki, məni tanısınlar haradasa. Mən burada otura-otura öz dünyəvi işimi görürəm. Heç dünya məni tanımasın da.

Hədsiz dərəcədə formalçı olmuşuq. Füzulini dünyada tutaq ki, Folknerdən az tanıyırlar, Heminqueydən az tanıyırlar. Məgər onlar bir yerdə Füzulinin bir beytinə bərabərdirlərmi? İndi deyək ki, Folkner böyükdür, Füzuli böyük deyil? Bu səviyyədə anlam var. Bu səviyyədə anlamaq – anlamsızlıqdır. Dünyəvilik – xəlqilik deməkdir. Xüsusi – dünyəvilik yoxdur. Əgər xəlqilik əsildirsə, o, elə dünyəvidir. Heç yerdə, Şərq ölkələrindən başqa muğamatı tanıyan yoxdur. Məgər bunun muğamatın dünyəvi mahiyyətinə, mənasına bir ziyanı var? Özündən küssün.

Mahiyyətcə olan dünyəvidir, mənası dünyəvi mənadır, insanın pillə-pillə artması, müəyyən bir səviyyədə ilahiləşməsidir. Camaat savadsızlığından, idraksızlığından hər şeyi çox bəsitləşdirir, çox asanlaşdırır. Filan sənətkar getdi Amerikada qastrolda oldu, deməli, bu, dünyəvidir. Bu isə burada oturdu «Bayatı-Şiraz» yaratdı, bu dünyəvi deyil.

Son 70 ildə insanların beyni azaldı. Ona görə çox bəsit, çox yanlış, tələm-tələsik fikirlərlə dolub tənqid də, ədəbiyyat da, fəlsəfə də.     

İşıqlı Atalı: - Atamız kitablarında, ruhani  təmaslarında musiqinin ilahiliyindən çox danışıb. Elə isə ədəbiyyat musiqinin birliyini açaydınız 

İnam Ata: - Gözəl sualdır. Musiqi – sözün ifadə eləmədiyini ifadə eləyir. Söz – duyğuların, fikirlərin müəyyən cəhətlərini ifadə eləyir, ancaq çoxluq ifadə edilməz.

İfadə edilməsi mümkün olmayan duyğular, fikirlər qalır. Musiqi onu ifadə edir. Söz də musiqidə natam, qeyri-müəyyən, ifadə olunmayanı müəyyən səviyyədə ifadə edir. Mən belə deyərdim: ədəbiyyat sözü müəyyənləşdirir, musiqi isə sözü davam etdirir. Sözün qurtardığından başlayır musiqi. Bunlar bir-birinə yaxındırlar, həm də bir-birindən hədsiz dərəcədə uzaqdırlar. Musiqi olmasaydı, insan sözə lənət yağdırardı ki, sən niyə heç nəyi ifadə edə bilmirsən ay söz? Nəyimə lazımsan mənim? Deyirsən ki, mən səni sevirəm. Burada nə var axı? Harada qaldı mənim o gecələrim, harada qaldı mənim o həyəcanlarım, harada qaldı mənim içərimdəki o tüğyan? Musiqi bunu deyəndə söz  bəraətləşir. Hardasa elə bil musiqi sözü ölümdən qurtarır. Hər halda lənətdən qurtarır.    

 

Universallıq vaxtıdır, indi də, əvvəl də. Fəlsəfədən ayrılanların hamısı itirdilər. Sənət, fəlsəfə, elm – bunların hamısı həqiqət üçündür

 

İşıqlı Atalı: - Ədəbiyyatda estetiklik məsələsinə Atamız necə baxır?

İnam Ata: - Estetika fəlsəfədən ayrılanda, xüsusi estetikaya çevriləndə, yəni gözəllik haqqında olan biliyə çevriləndə məhv oldu. Mən 20 il estetikadan dərs demişəm. Başa düşmüşəm ki, bu, tamamilə süni bir şeydir. Xüsusilə elm yalanı olan estetika XVIII əsrdə yaranıb, müəllifi Baumqartendir.

Ümumən universallıq vaxtıdır, indi də, əvvəl də. Fəlsəfədən ayrılanların hamısı itirdilər. Psixologiya fəlsəfədən ayrıldı, nə qazandı? Fiziologiya oldu və sairə. Yaxud məntiq fəlsəfədən ayrıldı, nə qazandı? Formal bir şeydir, heç kəsə də lazım olmur. O qanunlar ki, var, heç kəs əlinə qələm alanda o qanunu heç yadına salmır.

Həmçinin də estetika. Platonda estetika – fəlsəfənin bir hissəsidir. İlahi bir duyğudur, ilahi bir varlıqdır. Bununla əlaqədar xüsusi estetika, gözəllik nədir? O şey ki, sirdir, o şey ki, sehrdir, onu başlayırsan elmcəsinə müəyyənləşdirməyə, az qala formula axtarırsan, öldürürsən o gözəlliyi. Sirr, sehr itir. Ona görə də mənim zənnimcə, estetika fənni ki deyirlər, bu, tamamilə heç kəsə lazım olmayan bir şeydir. Heç kəsə heç nə qalmır. Gözəllik isə sənətin nəfəsidir.

İşıqlı Atalı: - «Sənət sənət üçündür» nəzəriyyəsinə Atamızın qiymətini bilmək istərdim. 

İnam Ata: - «Sənət sənət üçündür» bir mənada işlənə bilər. Yəni sənət –  sənət olmalıdır. Elə-belə fikir olmamalıdır, yəni bizim bəzi yazarlarınkı kimi olmamalıdır.

Fikirdən başqa heç nə yoxdur. Ancaq sənət həqiqət üçündür. Sənət, fəlsəfə, elm – bunların hamısı həqiqət üçündür.

 

Təzə ədəbiyyat yaranmalıdır

 

İşıqlı Atalı: - Atamızın romantizm və naturalizmə qiyməti.

İnam Ata: – Ümumən «izm»lərin əleyhinəyəm indiki səviyyəmdə. Burada çox ehtiyatlı olmaq lazımdır. Yazıçıları bağlayırlar məktəblərə, cərəyanlara bölməyə və yazıçı şəxsiyyəti itir. Məgər Bayron romantik məktəbin nümayəndəsi idi, yoxsa böyük şair idi?

Bu nümayəndəlik, bu məktəblər, bu sxemlər hamısı buxovdur, ədəbiyyat üçündür. Realizm: Balzak olmasaydı, realizm olacaqdı? Mən belə deyərdim: xəyalın gerçəklik üzərində üstünlüyü olur ki, sonra o da gətirib fəlakətə çıxardır və “romantizm” adıyla sxematik şəkildə təsvir olunan hadisə budur. Xəyala vurulurlar, hadisəyə vurulurlar, istəyə vurulurlar Bayronlar; sonra həyat bunların bütün bu istəklərinin hamısını məhv eləyir, onlarda dəhşətli bədbinlik əmələ gəlir. 

Qəribə bir vəziyyət: bir tərəfdə heyrət, o biri tərəfdə bədbinlik; heyrətli bədbinlik, heyrətdən doğan bədbinlik. O qədər çox küsürlər həyatdan ki, gəlib çıxırlar dəhşətli ümidsizliyə. Ancaq gəl görək, Hadini biz yalnız romantikmi hesab edək? Ümumiyyətlə, ədəbiyyatşünaslıq ona görə bir elm kimi yaranmadı ki, təbiətşünaslığın qanunlarını süni surətdə gətirdilər ədəbiyyata. Yaddan çıxdı ki, dağ-daş şəxsiyyət deyil, ancaq şair şəxsiyyətdir. Bitki şəxsiyyət deyil. Bunları birləşdirmək olar, bütün bitkiləri yığırsan, indiki kimi, başlayırsan ad qoyursan, sistemləşdirirsən. Şairi sistemləşdirmək olmaz. Şair marka deyil, şəxsiyyətdir, insandır. Füzulini hansı sxemə gətirib calayacaqsan? Balacaları – hə. İndikilərin hamısını sosializm realizminə calamaq olar. Ancaq dahiləri, böyük şairləri ki, ədəbiyyatşünaslıq onunla məşğul olmalıdır, hara gətirib calayacaqsan? Nizami Gəncəvi həm romantikdir, həm realistdir, nə istəyirsən. Mən «şünaslığı» heç vaxt sevməmişəm, ancaq əgər ədəbiyyat haqqında elm yaranacaqsa, indidən sonra yaranacaq. Humanitar elmlər təbiət elmlərindən fərqlənməlidir. Burada mərkəzdə şəxsiyyət olmalıdır.

İşıqlı Atalı: - Azərbaycan ədəbiyyatının sabahını Atamız necə görür?

İnam Ata: - Bu tövbədən sonra təzə ədəbiyyat yaranmalıdır. Yəqin ki, yaxşı nə varsa, ondan istifadə olunmalıdır. Təzə Nəsimilik, təzə Füzulilik, təzə Yunus Əmrəlik – şeirdə. Nəsrdə sintez. Tək elə Cəlil Məmmədquluzadə azdır. Cəlil Məmmədquluzadə hər halda dahi deyil – Füzuli deyil. Ona görə də burada dünya ədəbiyyatının hamısının məğzindən istifadə edib sintez, universal  bir üslub yaratmaq, şeirdə isə Nəsimiliyin, Füzuliliyin, Yunus Əmrəliyin davamı. Tənqiddə fəlsəfi-bədii tənqid. Üstəlik də itirilmiş janrlara qayıtmaq. Qəzəl janrını Əliağa Vahidə tam vermək olmaz. Vahid talantlı adamdır, ancaq onun şeirlərində fəlsəfə çox azdır, məna çox azdır. Onda yumor var. Onun şeirləri heç cür muğamatla uyuşmur. Mən qulaq asa bilmirəm xanəndələrimizə. «Segah» üstə zarafat edirlər, «Mənsuriyyə» üstə zarafat edirlər. 

 

İşıqlı Atalı: - Ata Ruhunu ürəyimdə aparıram! Atamız var olsun!

İnam Ata: - Qaranlıqlar yarılsın!

Yükümüzdən böyük fərəhimiz yoxdur!

Daxilindəki  Mütləq sənə yar olsun!

 

Mütləq Atayla Ruhani Təmasda oldu: İşıqlı Atalı

 

Tarix:  06 Fevral 1993 (6 Köçəri ayı 14-cü il)  Ata Evi  Bakı.



324 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium