Rüstəm İbrahimbəyov: Dövlət başçısını bizi bu “juliklərdən” azad etməyə çağırıram / 09.01.2012
Azərbaycan Ziyalılar Forumunun üzvü, yazıçı, kino xadimi
Rüstəm İbrahimbəyov “Azadlıq” qəzetinin 8 yanvar sayına müsahibəsində
prezident İlham Əliyevə çağırış edib. O deyib ki, dövlət başçısı İlham
Əliyevi uzun illərdir şəxsən tanıyır və həmişə ona hörmətlə yanaşıb:
“Bunun da əsası var. Mən özüm üçün yox, dəfələrlə milli kino və teatr
barədə ona müraciət etmişəm. Həmişə bu təklifləri yaxşı qəbul edib.
Konkret olaraq “İbrus” Teatrı İlham Əliyevin köməyi ilə tikilib və
yaranıb. Mən yaxşılığı yaddan çıxardan adam deyiləm və həmişə bu adam
üçün əlimdən gələni edəcəyəm.
Amma söhbət başqa məsələdən gedir. Mən vaxtilə İlham Əliyevə alternativ
görmədiyimi deyəndə onu nəzərdə tuturdum ki, Azərbaycanda kifayət qədər
güclü şəxslər seçkidə iştirak edə bilmirlər və qalanların arasında
İlham Əliyevə alternativ yoxdur. Vaxtilə dediyim bir fikri də yada
salmaq istərdim: konstitusiyanı dəyişdirib bir adamı 3-cü dəfə prezident
seçmək demokratiyaya ziddir.
Ölkəni “juliklərin” idarə ediyi ilə bağlı söylədiklərimə gəlincə, mən
bu fikri bir daha təkrarlayıram. Dövlət başçısını bizi bu “juliklərdən”
azad etməyə çağırıram. Bu, bazar terminologiyası deyil. Bu termin bu
insanların fəaliyyətini tam reallığı ilə əks etdirir. Çünki onlar bazar
təfəkkürlü insanlardır və bazar metodları ilə fəaliyyət göstərirlər. Ona
görə mən onlara başqa terminlə müraciət edə bilmərəm. Bu insanlar
ölkəyə rəhbərlik edirlər, hamı onların adlarını gözəl bilir. Mən konkret
olaraq kimsənin adını çəkmək istəmirəm. Çünki onlar bir sistemin tərkib
hissəsidir. Biz bütun bunlara görə dövlət başçısına müraciət edirik”.
Rüstəm İbrahimbəyov Ziyalılar Forumu haqqında da danışıb: “Bəzən belə
ifadə işlədilir ki, ziyalılar yalnız hakimiyyətə qulluq edənlərdir.
Ölkənin başlıca ideoloqlarından birindən bunu eşitmişdim və düşünürəm
ki, bu, çox gülüncdür. Düşünürəm ki, yalnız milli maraqları hər şeydən
üstün tutan insanlar əsl ziyalı sayıla bilərlər. Ziyalılar Forumunda
birləşən insanların kriteriyaları buna uyğundur. Onlar öz sahələrində
böyük mütəxəssis, ölkəsinə, millətinə sadiq insanlardır. Onlar həqiqətən
də öz vicdanlarının səsinə qulaq asaraq azadlıqlar uğrunda mübarizəyə
başlayıblar.
Bizə mənasız ittihamlar ünvanlayırlar, amma toplaşmağımıza imkan
vermirlər. Biz növbəti toplantımızı icarəyə götürdüyümüz “Hyatt
Regency”də keçirmək istəyirik. Biz “Hyatt Regency” hotelinin ABŞ-dakı
rəhbərliyinə də müraciət etmək niyyətindəyik ki, Bakıdakı təmsilçilik
ümumi brendə ziyan gətirir. Ona görə xarici təzyiqləri də müşahidə
edəcəyik. Eyni zamanda məhkəməyə də müraciət etmək niyyətimiz var. Biz
nə istəyirik? Sadəcə olaraq deyirik ki, ölkədəki vəziyyət dəyişməsə,
faciəvi hadisələr baş verə bilər. Əgər zamanında islahat aparılmasa,
ölkədə gedən kütləvi oğurluğun qarşısı alınmasa, nəticə çox pis ola
bilər”.
Rüstəm İbrahimbəyov qeyd edib ki, beş-altı nəfər ziyalı bəyanat verəndə
onları sıxışdırmaq asan olur: “Amma bu işlə bir neçə yüz adam məşğul
olanda onlarla mübarizə aparmaq çətin olur. Bəzən bizi ittiham edirlər
ki, biz toplantılarımızı forum adlandırırıq, halbuki toplananların sayı
yüzlərlə olmur. Cavab verirəm. Biz internet əsrində yaşayırıq. Bizim
bəyanatlarımıza minlərlə insan internetdə reaksiya verir. Ona görə bizim
forum olmadığımızı iddia edənlər bu sözün mənasını bilmir. Ona görə
hakimiyyt tezliklə siyasi iradə göstərməlidir və dəyişikliklərə imza
atmalıdır. Bu dəyişiklikləri təkcə biz yox, bütün dünya istəyir. Biz
hazırda elementar demokratik azadlıqların məhrum olduğu ölkədə
yaşayırıq”.
«MediaPost Azərbaycan»