Xaçmazda yerləşən N saylı hərbi hissənin əsgəri Tural Xudaverdi oğlu
Ibrahimov zabitlər tərəfindən döyülərək öldürülüb. Bu barədə “Azadlıq”a
məlumatı əsgərin yaxınları verib.
Onların sözlərinə görə, Tural
Ibrahimov 2010-cu ilin oktyabrında Tovuz rayonu hərbi komissarlığından
həqiqi hərbi xidmətə çağırılıb. 1991-ci il təvəllüdlü əsgəri 2010-cu
ilin dekabrın 31-i axşam saatlarında zabitlər qəddarlıqla döyüb. Tural
Ibrahimovun ölümcül vəziyyətdə olmasına baxmayaraq o, yanvarın 2-nə
qədər hərbi hissədə saxlanılıb. Yanvarın 2-də isə ağır vəziyyətdə olan
əsgər Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına yerləşdirilib.
Iki gün sonra, yanvarın 4-də Tural Ibrahimov hospitalda keçinib.
Əsgərin
yaxınları bildirir ki, Məhkəmə tibbi ekspertizasının verdiyi rəydə
ölümün səbəbi travmatik şok, çanaq orqanlarında travma, qarın
boşluqlarında qan travması, çanaq sümüyünün sınığı göstərilib. Tural
Ibrahimovun yaxınları faktla bağlı şikayət etsələr də, cinayət işi
qaldırılmayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini
Teymur Abdullayev isə APA-ya açıqlamasında əsgərin xəstəlikdən vəfat
etdiyini bildirib.
"Azadlıq" qəzeti