TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir! / 15.07.2010
Azərbaycanda
indi ən geniş inkişaf tapmış biznes sahələrindən biri təhsildir. Formal olaraq
dövlətin nəzarətində olan, büdcədən “bir ətək” pul götürən, bundan başqa
ödənişli əsasla tələbə qəbul edib, sonra təhsil dövründə hər semestrin axırında
tələbələrin “dərisini soyaraq” küllü miqdarda pul qazanan bu sahə nədənsə
diqqət mərkəzinə yalnız qəbul testləri dövrü gəlir. Aparılan aldadıcı tədbirlər
nəticəsində xalq aldadılır və ictimai fikir qəsdən qəbul testlərinə yönəldilir.
Nəticədə narazılıqlar yalnız testlərin aparılması şəraitindən, ayrı-ayrı
nəzarətçilərdən və s. olduğu ortaya çıxır. Bu metoda təbliğatda yönəltmə, fikri
mətləbdən yayındırma üsulu deyilir.
Son
bir neçə ildə müşahidə edirik ki, TQDK Təhsil Nazirliyini tənqid edərək
abutruientlərin hazırlıq səviyyəsinin aşağı olmasını bildirir və keçid balının
azaldılmasını bununla izah edir. Təhsil Nazirliyi isə öz növbəsində TQDK-nı
qəbul testlərinin xüsusilə çətinləşdirilməsində günahlandırır. Bununla da
məsələ həll olunmuş hesab edilir. Keçid balları azaldılaraq universitetlərin
qəbul planları doldurulur. Yəni TQDK və Təhsil nazirliyi “toplananların yerini
dəyişəndə cəm dəyişmir” prinsipinə görə öz gəlirlərindən heç nə itirmir.
Bəs
kim itirir? Sual primitiv olsa da çox aktualdır. Hər şeydən əvvəl tələbələr
həyatının 4 ilini boş-boş gedib gəlməyə və simasını itirmiş bir çox müəllimin
boş-boş söz-söhbətinə həsr edir. Valideynlər isə min bir zəhmət hesabına yığıb
topladığı pulunu və hər semestrin axırında müəllimlərlə çənə-boğaz edərək
sağlamlığını itirir.
İndi
bizdə təhsilin səviyyəsi göz qabağındadır. Daha doğrusu, səviyyə o qədər
aşağıdır ki, heç görünmür. Repititorların gərgin əməyi və şagirdlərin
fədəkarlığı nəticəsində qəbul testləri zamanı
alınan yüksək nəticələri TN öz adına çıxaraq öz yarıtmaz işini ört-basdır
etməyə müəyyən dərəcədə nail ola bilir. Amma ali təhsilin nəticələrinə heç cür
başqa don geyindirmək mümkün deyil. Minlərlə diplomlu gənc işsiz qaldığı halda
aparıcı şirkətlərin işə götürmək üçün
təşkil etdiyi testlərdən keçə bilmir. Halbuki qardaş Türkiyədə ali təhsil
alanlar bu testlərin öhdəsindən asanlıqla gələrək işlə təmin olunurlar.
Respublikamızda
işləyən xarici şirkətlər dolayısı ilə bizim ali təhsil diplomlarını tanımırlar.
Bu şirkətlər bunu ali təhsil almış mütəxəssislərin 90 faizinin bilik
səviyyəsinin tələbləri ödəmədiyi ilə izah edirlər. Universitetlərdəki vəziyyət,
təhsildəki rüşvətxorluq, əyintilər bu
halda bütün çılpaqlığı ilə görünür.
Maraqlıdır,
görəsən insanlar nədən bir ətək pul verib balalarınin dörd il bu keyfiyyətsiz,
yalnız adı olan universitetlərdə oxumasını bu qədər istəyir? “Oxutmuram, əl
çəkin!” Keçən əsrin əvvəllərində rəhmətlik Sabirin övladlarını hər vəcdlə
elmdən, təhsildən qoruyan atalarımızın dilindən dediyi bu sözlər o dövrün
reallıqlarını ifadə edirdi. Yəqin ki, rəhmətlik bu gün sağ olsaydı deyərdi: “Oxuduram, əl çəkin!”