100 Böyük Azərbaycanlı / 14.02.2018

İyirminci əsrin sonları yaxınlaşırdı. Kolxoz Diktatura Düşərgəsində qaranlıqdan aşkarlığa doğru dönüş yaranmaqda idi. Bir gün mötəbər partiya jurnallarından birinin baş redaktoru redaksiya əməkdaşlarını kabinetə çağırıb kollektivə belə bir tapşırıq verdi: “ 100 Böyük Azərbaycanlı” rubrikası altında yazılar hazırlayın. - Hər kəs ilk əvvəl öz siyahısını hazırlasın: Görək 100 Böyük Azərbaycanlının sırasında kim kimləri görür? Siyahını hazırlamaq üçün bir həftə vaxt verirəm. Hər kəs öz seçimində azad və müstəqildir. Həm də bu başqalarından tam gizli saxlanmalıdır. Siyahı hazır olan kimi onu partiya təşkilat katibinə təqdim edin. Sualınız varmı? -Əlbəttə, var,-deyə partiya həyatı şöbəsinin müdiri F. adlı qocaman jurnalist soruşdu: -Dediyiniz 100 Böyük Azərbaycanlını biz kimlərin arasından seçməliyik? Mənsəb-mövqe sahiblərinin, yoxsa xalqın arasından? Redaktor: - Əlbəttə, öz aramızdan,-dedi.- Əsas budur ki, azərbaycanlı olsun. Həmkarların sədri astadan yanında oturan xanımın qulağına pıçıldadı: “ Azərbaycanlıları böyük adam olmağa qoyublar ki? “ İqtisadiyyat şöbəsinin müdiri: - K.müəllim, hansı dövrü götürək: İnqilabdan əvvəlki, yoxsa sonrakı dövrü? Redaktor: - Baxın, hər iki qütbü nəzərdən keçirin: repressiya olanları da, repressiya edənləri də. Əgər hər iki tərəf azərbaycanlıdırsa, tutuşdurun, görün kimlər daha ağır gəlir gözünüzə... Elm-təhsil şöbəsinin müdiri də sual verənlərə qoşuldu: Yoldaş K. 100 böyük Şəxsin təhsili, dini, sinfi, regional mənsubiyyəti barədə nə fikirləşirsiniz? Ateist olsun, yoxsa mömün? Məncə, təhsili də şərtdir. Partiyalı olsun, yoxsa bitərəf? -Yoldaş M. Böyük Azərbaycanlı sadaladığın bu xırdaçılıqlardan yüksəkdə durmalıdır. Məktublar şöbəsinin müdiri söhbətə qoşuldu: - Məgər haralı olmasının, kimlə qohum olmasının əhəmiyyəti yoxdur? O, xaçpərəstlə evlənməsə necə böyük adam ola bilər? Redaktor: - Yoldaş M., sən öz seçimində bunları nəzərə almaq istəyirsənsə, nəzərə al və siyahını özün bildiyin kimi tərtib et. Aydındırmı? Məktublar şöbəsi müdirinin sualı bura toplaşanları xeyli fəallaşdırdı və hətta bundan susub həmkarlarına qulaq asan ideologiya şöbəsinin müdirini də tərpətdi. O,-K. müəllim,- dedi,- olarmı biz 100 Azərbaycanlını seçməyi hamıya yox, Bir Böyük Azərbaycanlıya həvalə edək? Redaktor: - Biz həmin o Bir Böyük Azərbaycanlını hardan tapaq? –deyə kollektivə üz tutdu. Hamı, bütün jurnalistlər gözünü ideoloji şöbə müdürünün üzünə zillədi. “Doğrudan da, həmin “Bir Böyük Azərbaycanlını hardan tapaq”-deyə Baş redaktorun müavini baş redaktorun sualını olduğu kimi təkrar etdi. İdeoloji şöbə müdiri bu sualın cavabını verməyə sanki çoxdan hazır idi. Əlini Baş redaktora tərəfə uzadıb xüsusi ehtiram və məhəbbətlə dedi: -Budur, o bizim qarşımızdadır, dedi. Yoldaş K. müəllim, bizim üçün ilk Böyük Azərbaycanlıdır. - Nə danışırsan?- Baş redaktor məmnun bir təbəssümlə bir-bir əməkdaşları süzdü. Jurnalistlər Baş redaktorun bu təbəssümünü razılıq əlaməti kimi alqışladılar və 100 Böyük Azərbaycanlı axtarışından azad olduqları üçün özlərini xoşbəxt hiss etdilər. Yalnız həmkarların sədri əl çəkmədi. Bu da baş redaktorun diqqətindən yayınmadı. |